Kəlbəcərdə tezliklə yaşayış məntəqələrinin tikintisinə başlanacaq - Aqil Məmmədov

11:57 04.11.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Noyabrın 25-i Kəlbəcərin işğaldan azad olunduğu gündür. Noyabrın 10-da imzalanmış üçtərəfli atəşkəs sazişinə əsasən azad olunan Kəlbəcərdə, artıq müəyyən bərpa işlərinə imza atılıb. Sərhədddə həllini gözləyən çox məsələ qalır və böyük gözləntilər var. Kəlbəcərdən olan deputat Aqil Məmmədov bu barədə hafta.az-a danışıb...

- Aqil müəllim, Kəlbəcərin işğaldan azad olunduğu günün 1 ilinə yaxınlaşırıq.  Noyabrın 25-də Kəlbəcər bir güllə atılmadan azad olundu. Kəlbəcərin azadlığı və bundansonrakı həyatı ilə bağlı gözləntiniz nədir?

- Əvvəla, qeyd edim ki, Kəlbəcərin işğaldan azad olunması ilə bağlı ötən bir ildə çox mühüm anlar yaşadıq. 30 il müddətə yaxın gözlədiyimiz o həsrətə son qoyuldu. Məcburi köçkünlük damğası, o utanc hissi ümumən Azərbaycan xalqının üzərindən götürüldü. Təbii ki, bu siyasətin arxasında möhtərəm, cənab prezident durur. Əgər uğurlu daxili və xarici siyasət aparılmasaydı, ölkə iqtisadiyyatı çoxşaxəli inkişaf etdirilməsəydi, hərbimiz güclənməsəydi bu qələbədən danışmağa dəyməzdi. Aparılan uğurlu siyasət nəticəsində müzəffər Ali Baş Komandan öz müzəffər Ordusu ilə bütün torpaqlarımızı işğaldan azad etdi.

Azərbaycan həmişə çalışıb ki, regionda yaranan problemləri sülh yolu ilə həll etsin. Bilirsiniz ki, 2016, 2018, 2020-ci illərin hadisələrində düşmən tərəf daha da azğınlaşaraq daha çox ərazilərimizi işğal etmək iddiasında idi. Həmin ərəfələrdə də Azərbaycan Ordusu düşmənə səhvlərini başa salsa da, qarşı tərəf bundan bir nəticə çıxartmadı. 27 sentyabrda başlayan əks-hücum əməliyyatında 44 gün müddətində torpaqlarımız qısa vaxtda tamamilə erməni tapdağından azad edildi.  Artıq zəfər günümüzə çox qısa vaxt qalıb.

Bir il əvvəl Zəfər günü – 8 Noyabr tarixində cənab Ali Baş Komandan elə bir çıxış etdi ki, Azərbaycan xalqı onu heç vaxt unutmaz. Orada Prezident “Mən xoşbəxtəm ki, ata vəsiyyətini çox yüksək səviyyədə yerinə yetirdim, Şuşanı azad etdim, Şuşa, sən azadsan! Şuşa, səni dirçəldəcəyik!”söyləməklə həqiqətən çox böyük mesajlar verdi. Həmin çıxışın təsirindən hələ bu gün də çıxa bilməmişəm. Atəşkəs sazişindən sonra qarşı tərəf diz çökərək kapitulyasiya aktına imza atdı. Ağdamın müəyyən hissəsini, Kəlbəcəri, Laçını bir güllə atmadan, şəhid vermədən düşməndən azad etdik.  Bu da bu Zəfərin kulminasiya nöqtələrindən biridir.

...Bilirsiniz ki, Kəlbəcər rayonu ərazi baxımdan böyük, coğrafi mövqeyinə görə dağlıq, mürəkkəb relyefi olan rayondur. Bəzi qurumlar, sapı özümüzdən olan baltalar və yaxud başqalarına xidmət edən insanlar arada Kəlbəcər, Laçının azad olunması məsələsinin uzanmasını başqa səmtə yozurdular.  Cənab Prezidentin bu arada bir sözünü xatırlatmaq istəyirəm. O demişdi: “Mən nəyi, nə zaman, necə edəcəyimi yaxşı bilirəm”. Bu prosesdə tələsmək olmazdı. Ali Baş Komandan  müdrikcəsinə, tələsmədən, düşünülmüş şəkildə addımlar atdı. Bunun nəticələridir ki,  bütün torpaqlarımız, eləcə də Kəlbəcərimiz azad olundu. Gözümüz aydın!..     

- Bu gün Azərbaycanın Ermənistanla dövlət sərhədinin yenidən müəyyənləşməsi istiqamətində proseslər müzakirə olunur. Sizcə, Kəlbəcər rayonundan keçən sərhədlər hansı xəritələrlə müəyyən olunmalıdır, gözləntiniz nədir?

- Ermənistan öz məğlubiyyətini bu gün də qəbul edə bilmir, amma buna məcburdur. Beynəlxalq qanunla Azərbaycan dövlətinin ərazi bütövlüyü tanınıb və hər bir dövlətin müəyyən olunmuş sərhədləri var. Kəlbəcər rayonu isə Ermənistanla təxminən 136 kilometr sərhədə malikdir.  Ermənistanın istəyindən asılı olmayaraq, beynəlxalq qanunlar var  və o qanunların bir hissəsini Azərbaycan tərəfi özü icra edib və edəcək.  Bir misal çəkim: hələ 1993-cü ildə Birləşmiş Millətlər Təşkilatının  Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdi. Ermənistan qoşunları işğal olunmuş torpaqlardan qeyd-şərtsiz dərhal çıxarılmalı idi. Şahidi olduq ki, nəinki Ermənistan tərəfi o qətnamələri icra etdi, əksinə, orada qeyri-qanuni məskunlaşmalar apardı və yeraltı-yerüstü sərvətlərimzi qeyri-qanuni talamaqla məşğul oldu. Beynəlxalq ictimaiyyət buna heç bir reaksiya vermədi. Azərbaycan Ordusu, Azərbaycan Ali Baş Komandanı BMT-nin qətnamələrini özü icra etdi.  Bu beynəlxalq qurumlar da Azərbaycanın ərazi bütövlüyünü, sərhədlərini tanıyır. Sadəcə olaraq aparılan məqsədyönlü siyasətin nəticəsidir ki, bəzi qurumlar reallığı qəbul edə bilmirlər.

- Məlumdur ki, Kəlbəcər rayonu ərazisində sənaye əhəmiyyətli ehtiyatları 112,5 ton olan və istismar olunan Söyüdlü-Zod və ehtiyatları 13 tondan çox olan Ağduzdağ və Tutxun qızıl yataqları 1993-cü ildə 2020-ci ilə qədər Ermənistan respublikasının işğalçı rejimi tərəfindən talan edilib. 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu ərazisindən çıxan Ermənistan qoşunları bu yatağı tam ələ keçirməyə çalışaraq noyabrın 25-də sərhədi 1,5 km irəli çəkmiş, yolda "sərhəd darvazası" quraşdırmışdı. Bir gün sonra Azərbaycan hərbçiləri həmin darvazanı sındıraraq Zoda daxil olublar. Hazırda Zodda Azərbaycan Ordusunun 3, Ermənistanın 1 postu var. Həmin qizil yataqlari ilə baglı vəziyyət nə yerdə qalıb?

- Sovetlər dövründə və ondan sonra da Ermənistanın havadarlarını bilirik, tanıyırıq. Onlar həmişə Ermənistana dəstək olublar. Sovetlər ərəfəsində də ermənilər qızıl mədənlərinə yeraltı tunellər açaraq Azərbaycan sərhədini keçib sərvətlərimizi talayırdılar. Azərbaycan tərəfi bu barədə özünün münasibətini bildirsə də, o vaxt Moskva bu məsələyə bir o qədər də reaksiya vermədi. Bu gün yeni sərhədlərin müəyyənləşməsi təsdiqini tapandan sonra təbii ki, məsələlərə yenidən baxılacaq. Əgər sərhədlər pozulubsa, yəni tunellər vasitəsilə Azərbaycan ərazilərinə keçmə varsa, bu məsələlər dərhal öz həllini tapmalıdır.  Ermənistan hələ ki, Azərbaycanın sərhədlərini tanımır, sülh sazişinə imza atmayıb. Bu məsələ öz həllini tapandan sonra, yeraltı sərvətlərimizin qeyri-qanunu mənimsənilməsinin də qarşısı alınacaq.  Ola bilər ki, yerin üstündə nəzarət var, amma ermənilər və onların havadarları yerin altına tunel çəkərək o ehtiyatlardan istifadə edirlər.  Təbii ki, yerin üstündə heç nə görünmür. Azərbaycana aid olan ərazilərə sərhəd qoşunlarımız  nəzarət edir. Bir tanınma məsələsi qalıb,  o da həll olunandan sonra digər məsələlər yoluna qoyulacaq.

- İşğaldan azad olunan bir çox ərazilərdə hələ də erməni yaraqlıları qalır və bir çox yerlərə sülhməramlılar nəzarət edir. Belə bir şəraitdə Kəlbəcərə gediş-gəliş necədir və yaxud rayonda aparılna bərpa işlərinin gedişi hansı səviyədədir?

- Kəlbəcər rayonunda sülhməramlı qüvvələr yoxdur. Sülhməramlılar Ağdərə ilə Kəlbəcərin sərhəd zonasındadır. Digər ərazilərimiz Azərbaycan Ordusunun nəzarətindədir.  Kəlbəcərə gedən magistral yol tarixən Ağdərə rayonundan keçirdi. Hazırda sərhədlə bağlı bəzi məsələlər həllini tapmadığına görə sülhməramlılar o yola nəzarət edir. Eyni zamanda orada yaşayan separatçı rejimin silahlı dəstələri hələ ki orada var. Biz o yoldan müəyyən yüklərin daşınmasında istifadə edirik. Vətəndaşlarımızın rayona qanuni şəkildə gedişi-gəlişi portala müraciət olunmaqla Murovdağ yolu ilə gerçəkləşir. O yol 1992-1993-cü il ərəfələrində çəkilmişdi,    çox bərbad vəziyətdə idi. İndi hazırda o yol genişləndirilib, gediş-gəliş rahatlaşıb. Paralel olaraq Göygöl rayonunun Toğanalı kəndindən Kəlbəcərə tunel yolu çəkilir. Artıq 500 metr tunel yolu işlənilib.  Bu yol həm vaxt, həm yolun qısaldılması etibarilə çox sərfəli yol olacaq. Sərhəddə bəzi məsələlər öz həllini tapdıqdan sonra Ağdərə yolu da istifadəyə verilməlidir. Bu qaçılmazdır. Biz gözləyirik ki, sərhədlərimiz tanınsın, sərhədlər müəyyənləşib, sülh sazişi əldə etdikdən sonra daxildə olan xırda problemlər öz həllini tapacaq.

Qeyd edim ki,  Prezidentin səfəri ərəfəsində Kəlbəcərdə bir yarımstansiyanın açılışı oldu. Qısa zaman kəsiyində II  yarımstansiya da istifadəyə verilməlidir. Bununla da Kəlbəcərdə enerji təminatı öz həllini tapır. Daha çox ərazinin elektrik enerjisi ilə təminatı rayonda bərpa -quruculuq işlərinə öz müsbət təsirini göstərəcək. 

- İşğaldan azad olunmuş rayonların baş planları hazırlanır və buna əsasən də hər bir rayonun gələcəyi, infrastrukturu, ponaraması barədə əhalidə ilkin təsəvvürlər formalaşır. 

- Cənab Prezidentin Qubadlı səfərində bu məsələyə də toxunuldu. Orda vurğulandı ki, digər rayonların, o cümlədən də Kəlbəcərin də baş planı işlənilib.  Hələlik vəsait ayrılmasa da, bu istiqamətdə işlər gedir. Yəqin ki, Kəlbəcərin işğaldan azad olunduğu gün, 25 noyabrda rayonun baş planı və perkpeksivlər barədə daha geniş məlumat ala biləcəyik. 

- Əhalinin işğaldan azad olunmuş rayonlara köçürülməsi, oradakı yeniliklərin, hansısa abadlıq işlərinin aparılması, rayon camaatının işğaldan sonra öz rayonunda hansı yeni şəhər, yeni kəndlə qarşılaşacağı ilə bağlı müzakirələr, fikirlər daim səslənir.   Kəlbəcərin gələcəyini necə görürsünüz? Aparılan işlərin fonunda əhalinin Kəlbəcərə köçürülməsi necə baş verəcək?

- Prezident Kəlbəcərə ilk səfərində qeyd etdi ki, Kəlbəcər bəlkə də dünyanın ən füsunkar, ən gözəl yerlərindən biridir. Həqiqətən də Kəlbəcərin yeraltı və yerüstü sərvətləri çox zəngindir. Belə başa düşürəm ki, yaxın gələcəkdə Kəlbəcərin  iqtisadi potensialı həm bölgənin inkişafına, həm də dövlət büdcəmizə öz müsbət təsirini göstərəcək.  Kəlbəcər eyni zamanda turizm sahəsi kimi diqqəti çox cəlb edən ərazilərimizdən biridir. Mütəxəssislər də vurğulayırlar ki, Kəlbəcər turizm üçün əlverişli bölgədir.

 Məlum olduğu kimi, işğaldan azad olunmuş ərazilərimizdə “Ağıllı kənd, Ağıllı şəhər” konsepsiyası çərçivəsində  dünyada mövcud olan ən mütərəqqi kəndlərin, şəhərlərin qurulması nəzərdə tutulub. Müəyyən məsələlərin daha yaxşı formada həllini tapması üçün enerji, istilik təchizatı ilə bağlı işlər görülür. Gözlənilir ki, xırda kəndlərin yaxın böyük kəndlərə birləşdirilsin. Eyni zamanda genişmiqyaslı layihələrin sürətlə həyata keçməsi belə ümid yaradır ki, tezliklə yaşayış məntəqələrinin tikintisinə başlanacaq. Qısa zaman ərzində həm ölkəmiz tərəfindən ayrılan büdcə vəsaiti, həm də dost ölkələrin yatırdığı investisiyalar hesabına bu bölgələrdə infrastruktur qısa müddətdə bərpa olunacaq və məcburi köçkünlərimiz  ata-baba torpaqlarına qayıdacaqlar.  Təbii ki, biz “Ağıllı kənd” konsepsiyasının bütün rayonlarda tətbiq olunmasını gözləyirik.  Bu da gələcəkdə insanların rahatlığına böyük töhfə verəcək.  Eyni zamanda Kəlbəcərdə digər infrastrukturların inkişafı işsizliyin və digər probemlərin aradan qaldırılmasına, insanların rifahına töhfə verəcək.

- 1992-də Kəlbəcərin ərazisi artırıldı. Bizdə olan ərazilərin sovet dövrünün bölgüsü əsasında aparıldığı qeyd olunur. Bu barədə nələri söyləmək olar?

- 1992-ci ildə Milli Məclisin qərarı ilə Ağdərə rayonu ləğv olunaraq Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Ən çox ərazi Kəlbəcər rayonuna birləşdirilmişdi. Kəlbəcər rayonunun ərazisi 936 kilometrdir.  Bu ərazilər rayona birləşdirildikdən sonra ərazisi 3050 kv.kilometrə  bərabərdir. Çox təəssüflər olsun, bu gün rus sülhməramlılar Sovetlər dövründə məlum olan Ağdərə rayonu ərazisinə tam nəzarət edirlər. O ərazilərə ki, vaxtilə Kəlbəcərə birləşdirmişdilər. Ağdərənin 3 kəndi bizdə qeydiyyatdadır, mövcuddur.  Adları olub, özləri olmayan kəndlər də bizə məlumdir. O vaxt bizə  9 nümayndəlik, 18 kənd birləşdirilmişdi. Hazırda orada dediyim kimi, sülhməramlıların nəzarəti var. Yəqin ki, gələcəkdə bu məsələlər öz həllini tapacaq. Dövlət sərhədlərimiz müəyyənləşəndən sonra, müəyyən daxili problemlərimizi özümüz həll edəcəyik.